Peşə Standartları

Peyk antena quraşdırıcısı
Peyk antena quraşdırıcısı
Peyk antena quraşdırıcısı peyk siqnallarını qəbul edən texniki avadanlıqları qurur və onlara texniki xidmət göstərir. O, dalğanı optimal qəbul etmək məqsədi ilə binanın xaricində peyk antenasının quraşdırılacağı yeri müəyyən edir və müvafiq bərkitmə elementlərindən istifadə etməklə peyk antenasını bərkidir.
Mühafizəçi
Mühafizəçi
Mühafizəçi ona həvalə edilmiş vəzifəyə uyğun olaraq müxtəlif metodlar vasitəsi ilə müəssisə və ya təşkilatın daşınan və daşınmaz malını, əmlakını mühafizə edir. O, müəssisənin buraxılış və obyektdaxili rejimlərinə nəzarət edir, gələn qonaqları qarşılayır və onları lazımi ünvanlara yönləndirir.
Ayaqqabı təmiri ustası
Ayaqqabı təmiri ustası
Ayaqqabı təmiri ustası ayaqqabıları müştərinin tələblərinə uyğun olaraq təmir edir. O, yırtılmış tikiş yerlərini yenidən tikmək, yeni pəncə və dabanları vurmaq, ayaqqabıları başqa şəklə salmaq, onların rəngini dəyişmək üçün müxtəlif əl və mexaniki alətlərdən, o cümlədən bizlər, dabanı mismar ilə vurmaq üçün nəzərdə tutulan dəzgahlardan istifadə edir. Ayaqqabı təmiri ustası, eyni zamanda, dəri məmulatları, o cümlədən çanta və qayışları təmir edir.
Sosial xidmətçi
Sosial xidmətçi
Sosial xidmətçi çətin həyat şəraitində olan insanlara sosial-məişət xidməti göstərən və insanların sosial rifahının yaxşılaşdırılması məqsədi ilə sosial işçiyə xidmət planının icrasında kömək edən, habelə Azərbaycan Respublikasının “Sosial xidmət haqqında” Qanununda müəyyən edilmiş tələblərə cavab verən işçidir. Sosial işin peşəkar tətbiqi zamanı sosial xidmətçi müəyyən olunmuş etik qaydaları bilməli və onlara əməl etməlidir.
Sosial işçi
Sosial işçi
Sosial işçi çətin həyat şəraitində olan insanların sosial rifahının yaxşılaşdırılması məqsədi ilə qiymətləndirmə aparan, onların sosial xidmətə olan təlabatını müəyyən edən və sosial xidmət göstərən, habelə Azərbaycan Respublikasının “Sosial xidmət haqqında” Qanununda müəyyən edilmiş tələblərə cavab verən işçidir. Sosial işin peşəkar tətbiqi zamanı sosial işçi müəyyən olunmuş etik qaydaları bilməli və onlara əməl etməlidir.
Mağaza müdiri
Mağaza müdiri
Mağaza müdiri pərakəndə satış məntəqələrinin işçilərinə rəhbərlik edir, müştərilərin tələbatlarını öyrənir, eləcə də satış, ticarət və büdcə tərtibi proseslərini əlaqələndirir. Tələb olunan çoxsaylı vəzifələri uğurlu şəkildə icra etmək üçün müdir gərgin iş qrafiki çərçivəsində işləməyi bacarmalı, pərakəndə satış və insan resurslarının idarə edilməsi sahəsində geniş təcrübəyə malik olmalıdır.
Video operator
Video operator
Video operator kino və ya videokameralarla işləyən şəxsdir. Video operatorlar kino-filmləri, təqdimat videoları, xəbərlər, sənədli filmlər, televiziya proqramları və reklam çarxları çəkirlər. Onlar sənədli film, sənaye, kommersiya, təhsil filmləri, ssenarilərin çəkilməsi və xəbər buraxılışları üçün tələb olunur. Video operatorlar fərdi şəkildə və ya xüsusi komandanın tərkib hissəsi kimi işləyirlər.
Anbar müdiri
Anbar müdiri
Anbar müdiri müəssisə daxilində məhsullar və materialların saxlanılması və paylaşdırılmasını yönləndirir, əlaqələndirir, ehtiyatların qeydiyyatını aparır və cədvəllər tərtib edir. O, materiallar və məhsulların daşınması, qəbulu, saxlanılması və yoxlanılması ilə məşğul olan işçilərin fəaliyyətlərinə nəzarət edir, eyni zamanda anbar-daxili vəzifələr ilə əlaqədar müsahibələr aparır, xidmət üzrə gözləntilərə uyğun olaraq işçiləri seçir, işə götürür və onlara təlim keçir.
Anbardar
Anbardar
Anbardar malları qəbul edir, anbarda, yaxud anbarın həyətində saxlayır və paylaşdırır. O, eyni zamanda yükü maşınlara yükləyir və boşaldır, sifarişləri toplayır, məhsulları və bağlamaları bükür, mallara etiket vurur. Adətən, əl alətləri və ya çəngəl ağızlı qaldırıcılar, kranlar kimi maşınlarla işləyir.
Saatsaz
Saatsaz
Saatsaz saatların qüsurlu hissələrini nəzərdən keçirir, nasazlıqları aşkar edir, divar, qol və cib saatlarını təmizləyir, təmir edir və sazlayır. O, adətən, incə mexaniki, elektrik və elektron əl alətlərindən istifadə edir, eyni zamanda təmir qiymətini hesablayır və müştəriləri məlumatlandırır. Saatın təmiri mümkün olmadıqda müştərini istehsal fabrikinə yönləndirir.
Vebsayt administratoru
Vebsayt administratoru
Vebsayt administratoru vebsaytların təmin edilməsi, yenilənməsi və monitorinqi üçün cavabdeh şəxsdir. O, həmçinin, statistik və yardımçı marketinq fəaliyyəti ilə də məşğul olur. Bəzi hallarda onlar fərdi saytların ilkin hazırlanması prosesində də iştirak edirlər.
Avtobus sürücüsü
Avtobus sürücüsü
Avtobus sürücüsü sərnişinləri təyin olunmuş marşrut və qrafik üzrə müəyyən olunmuş dayanacaqlara daşıyır. O, həmçinin sərnişinlərin şəhərdaxili və ya şəhərlərarası avtomobil yolları ilə rahat və təhlükəsiz daşınmasını təmin edir. Avtobus sürücüsü sürücülük üslubunu sərnişinlərin daşınmasına uyğunlaşdırır və ayaqda duran sərnişinlərə xüsusi diqqət göstərir. Xəttə çıxdıqdan sonra idarə etdiyi nəqliyyat vasitəsinə texniki xidmət göstərir, gündəlik yoxlama aparır və kabinəni təmiz və gigiyenik normalara uyğun saxlayır.